Sifon necə seçilir?
Sifon hamam, tualet və mətbəxdə çirkli suyun ixrac edilməsi üçün istifadə olunan santexnika qurğusudur. Həmçinin sifon borularınızı axıdılan kirli sulardakı yad cisimlərdən qoruyaraq onların tutulmasının və deformasiyaya uğramasının qarşısını alır. Eyni zamanda, bu sistem kanalizasiyadan gələn xoşagəlməz qoxuların mənzilə daxil olmasına imkan vermir.
Sifonlar bir birindən öz müxtəlifliyi ilə fərqlənir və hərəsinin öz müsbət və ya mənfi cəhəti var. Ona görə sifon seçərkən hamam, tualet və mətbəx üçün sifonun növləri, materialı, xüsusiyyətləri, brendləri, satınalma və quraşdırma məqamlarından xəbərdar olmaq vacibdir.
Sifonun növləri
Şəklinə görə sifonların dörd əsas növünü göstərmək olar: boru sifonları (S və V şəklində), şüşəşəkilli sifonlar, büzməli sifonlar və yastı sifonlar. Boru sifonları S şəklində sifonlara və V şəklində sifonlara ayrılır. Bu ənənəvi sifon modellərinin üstünlüyü əlçatanlıq və kompaktlıqdır. Ancaq boru sifonlarının quraşdırılması zamanı yüksək dərəcədə dəqiqlik tələb olunur və təmizlənməsi də çətindir.
Şüşəşəkilli sifonlar və ya kolbaşəkilli sifonlar drenaja düşmüş zibil və qiymətli əşyaları asanlıqla çıxarmağa imkan verir. Bu sifon modellərinin quraşdırılması və təmizlənməsi asandır. Ancaq şüşəşəkilli sifonlar böyük və bahalıdır. Şüşəşəkilli sifonların bir alt növü də gizli şüşəşəkilli sifonlardır. Bu sifonlar divarın içərisinə quraşdırılır. Gizli şüşəşəkilli sifonlar estetik görünüşə malik olsa da, bu modellərin təmizlənməsi və dəyişdirilməsi problemlidir.
Büzməli sifonların quraşdırılması və şəkilləndirilməsi asandır. Bu sifon modellərinin çevik boruları ehtiyaca görə əyilə, qısaldıla və uzadıla bilər. Bunların qiyməti uyğundur. Ancaq büzməli sifonlar içəridən tez çirklənir və estetik görünüşünü itirir.
Yastı sifonlar darısqal yerlərdə quraşdırılmaq üçün uyğundur. Ancaq bu sifon modellərinin təmizlənməsi və qulluğu çətindir, bəzən təmizlənməsi üçün tam sökülməsi tələb oluna bilər. Eyni zamanda, yastı sifonlarda az su qaldığı üçün xoşagəlməz qoxular gələ bilər.
İş prinsipinə görə, sifonlar hidro möhürlü sifonlara və quru möhürlü sifonlara ayrılır. Mətbəx və hamam otaqlarında ən çox hidro möhürlü sifonlar quraşdırılır. Bu sifon modellərində drenajdan sonra suyun bir hissəsi elementdə qalır və beləliklə, xoşagəlməz qoxularınn qarşısı alınır.
Daha yüksək qiymətə malik olan quru möhürlü sifonlarda isə su və havanın yalnız bir istiqamətdə keçməsinə imkan verən silikon klapan var. Beləliklə, quru möhürlü sifonlar maye və tullantıların bir tərəfli hərəkətinə icazə verir.
Sifonun materialı
Sifonlar adətən plastik və ya metaldan istehsal olunur. Polietilen və ya polipropilendən istehsal olunan plastik sifonlar daha uyğun qiymətədir və bu modellərin quraşdırılması da daha asandır. Polipropilen sifonlar polietilen sifonlara nisbətən daha bahalı olsa da, daha davamlı və etibarlıdır. Plastik sifonların mənfi cəhəti estetik görünməməsidir və metal sifonlara nisbətən daha az davamlı olmasıdır. Ona görə plastik sifon modelləri gizli quraşdırmaya daha uyğundur.
Metal sifonlar daha bahalıdır, ancaq daha uzun müddət xidmət edir və daha estetik görünür. Bundan başqa, metal sifonlar çoxlu hissədən ibarət olduğu üçün onların quraşdırılması çətindir. Metal sifonları latun sifonlar (mis), bürünc sifonlar və polad sifonlara ayırmaq olar.
Sifonun xüsusiyyətləri
Sifon seçərkən ilk növbədə onu harda quraşdıracağınızı nəzərə almalısınız. Məsələn, mətbəx üçün sifon axtarırsınızsa, tıxanma ehtimalı az olan sifon növlərini nəzərdən keçirməlisiniz. Mətbəx sifonu olaraq S şəkilli sifon və ya şüşəşəkilli sifon modellərini seçmək daha məntiqlidir. Mətbəx çanaqları üçün büzməli sifonlar uyğun deyil, çünkü bu sifon modellərinin tıxanma ehtimalı yüksəkdir. Bundan başqa, mətbəx üçün sifon seçərkən qurğunun diametrinə və istehsalçıya da diqqət yetirməlisiniz. Adətən mətbəx sifonlarının diametri 32 mm və ya 40 mm olur. 40 mm mətbəx üçün daha məqbuldur.
Hamam üçün sifon axtarırsınızsa, onun açıq və ya gizli quraşdırılacağına diqqət yetirməlisiniz. Açıq quraşdırma üçün hamam sifonu olaraq daha estetik görünən metal sifonlara üstünlük verə bilərsiniz. Moydadırın içinə və ya divarın içinə quraşdırılacaq gizli hamam sifonları isə plastik sifon modelləri arasından seçilə bilər. Hamam sifonu alarkən nəzərə almalı olduğunuz başqa bir məqam əməliyyat mexanizmasıdır. Klassik əməliyyat mexanizması, avtomatik əməliyyat mexanizması və ya yarı avtomatik əməliyyat mexanizması arasında seçim etməlisiniz. Əgər hamam sifonunu həm əlüzyuyan, həm də paltaryuyan maşına bağlamağı düşünürsünüzsə, 40 mm diametrli sifon modelləri seçməlisiniz. Duş kabinası üçün güçlü qapağı və yüksək ötürmə qabiliyyəti olan santexnika qurğusu seçin.
Sifon istehsal edən brendlər
Master.az stoklarına bir çox sifon çeşidi mövcuddur ki, bunlar öz sahələrinin lideri hesab olunur. Belə ki, Rusiya və Türkiyə istehsalı olan sifonlar, möhkəm, ərpə qarşı dayanıqlı və uzun ömürlü olurlar. Nova, Aniplast, Unicorn bunların ən əsas nümunələrindəndir. Bu modellərin quraşdırılması da bir o qədər asandır. Evinizə usta çağırmaq əvəzinə, təmirlə əlaqəsi olan və ya öz evində nə zamansa kiçik bir təmir işi ilə məşğul olmuş adam bu sifon modellərini rahat bir şəkildə texniki kağızdan istifadə edərək quraşdıra bilər.
Rusiyanın Aniplast və Türkiyənin Nova plastik fabriklərinin büzməli (qarmoşka) sifonları da mövcuddur. Bu sifonlar döşəməüstü unitazlara rahat bir şəkildə qurula bilərlər. Bu modellər öz formasını rahat şəkildə bərpa etməklə ön plana çıxır. Bir də müasir dövrdə basma sifonlara olan təlabat da xeyli yüksəlmişdir.
Latun basma sifonlardan daha çox hamam otaqlarında moydadır üçün istifadə edirlər. Latun modellər gidər modellərə nəzərən daha çox göz oxşayır və dayanıqlı olur. İki hərəkət vəziyyəti olan basma sifonlar vasitəsi ilə siz həm də moydadırda yerləşən çanaqdan vanna kimi də istifadə edə bilərsiniz. Bu modelin üstünlüklərindən biri isə, çirkli suyun tərkibində olan nisbətən böyük tullantıların çirkli su borusuna daxil olmasının qarşısını almasıdır. Çirkli tullantılar çanaqdan götürükdükdən sonra basma sifonun təpə nöqtəsinə basaraq suyun axışını yenidən rahat şəkildə təmin etmək mümkün olur.